Avqustun 6-da gömrük orqanları tərəfindən 200 kiloqramdan artıq heroin qaçaqmalçılığının qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Polşa Respublikasına dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
“Daxil olmuş əməliyyat məlumatı əsasında 6 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Polşa Respublikasında yerləşən şirkətlərdən birinin ünvanına müvafiq sənədlərdə "Gil" yükü daşıdığı əks olunan platforma "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb və üzərində olan konteynerdəki yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Konteynerdə olan 20 paletdəki 720 ədəd standart ölçülü kisələrdə qablaşdırılmış "Gil" yükünün yoxlanılması zamanı xidməti it paletlərdən ikisinə reaksiya verib və gömrükçülər həmin kisələr üzərində əsaslı yoxlama aparıb. Bu zaman hər paletdə 7 ədəd olmaqla, ümumilikdə 14 kisədən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 200 kiloqram 800 qram narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb”, - deyə məlumatda bildirilir.
Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən "gil" yükü Azərbaycan Respublikasının Oğuz rayonunda fəaliyyət göstərən fərdi sahibkar tərəfindən əvvəllər qanunamüvafiq qaydada Azərbaycan Respublikasından İran İslam Respublikasına ixrac edilən və İran İslam Respublikasında fəaliyyət göstərən cinayətkar qrupun üzvləri tərəfindən sonradan həmin kisələrə narkotik vasitələr gizlədərək onlardan narkotiklərin daşınması zamanı istifadə olunub.*
X.Nəsirzadə