Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $59,3 milyon satıb.
“Hərracda tələb $59,3 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb və cümə axşamı səhərə olan məzənnə ilə müqayisədə dəyişməyib”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb. Lakin iyulda hərraclarda valyutaya tələb bir qədər artıb.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $4 milyard 525,7 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 47% - İF), mart ayında $1 milyard 928,3 milyon, aprel ayında $531,1 milyon, may ayında $334 milyon, iyun ayında $373,2 milyon, iyul ayında $515,5 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF bu il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.**
N.Abbasova