Azərbaycan prezidenti İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”qanunda dəyişiklikləri təsdiq edib.
Düzəlişlərin mətni cümə axşamı prezidentin saytında dərc olunub. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Düzəlişlərə əsasən, 2020-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF) gəlir və xərcləri 17,9% - 151 milyon 235,4 min manata qədər artırılıb.
Dəyişikliklərə əsasən, büdcə təşkilatları işçilərinin işsizlikdən sığorta ayırmaları şəklində daxilolmalar üzrə proqnoz 17 milyon 662,9 min manat (azalma 1%), büdcə təşkilatlarının işçilərindən tutulan işsizlikdən sığorta ayırmaları üzrə proqnoz 17 milyon 662,9 min manat (azalma 1%), özəl sektorda çalışan işçilərdən tutulan sığorta ayırmaları proqnoz 76 milyon 543,8 min manat (artım 0,5%) təşkil edəcək.
Xərclərin strukturunda işsizliyə görə sığorta ödənişləri 10 milyon manat (artım 2 dəfə), peşə hazırlığının təşkili və əlavə təhsil xərcləri 7 milyon manat (artım 40%), haqqı ödənilən ictimai işlərin təşkili xərcləri 3 milyon manat (artım 50%) təşkil edəcək.
Bundan əlavə, özünüməşğulluq tədbirlərinin təşkilinə 78 milyon 735,4 min manat (artım 23,5%) yönəldiləcək.
“İşsizlikdən sığorta haqqında" qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. İşsizlikdən sığorta çərçivəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi nəzərdə tutulur. Sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır: işçinin özünün əmək haqqından tutulan 0,5% və müəssisə üzrə əməyin ödənişi fondundan 0,5%.**
A.Əzizov