“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi layihəsi üzrə podratçı şirkətlər tərəfindən 2020-ci ilin birinci yarısında $813,2 mln. məbləğində sifariş yerinə yetirilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu məbləğdən $331,8 mln. dəyərində sifarişi 14 birgə müəssisə, $18,6 mln. dəyərində sifarişi 18 dövlət müəssisəsi, $159,4 mln. dəyərində sifarişi 211 kiçik və orta müəssisə və fiziki şəxs yerinə yetirib. $303,3 mln. dəyərində sifariş BP şirkətinin Azərbaycandakı layihələri üzrə işləyən xarici şirkətlər tərəfindən həyata keçirilib”, - məlumatda bildirilir.
2020-ci ilin birinci yarısında sosial layihələrin həyata keçirilməsinə $2 mln. 355 min məbləğində investisiya qoyulub.
BP Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” yatağının işlənməsi layihələrin iştirakçısı, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz boru kəməri magistralı layihələrinin səhmdarı, Abşeron arxipelaqının dayazsulu hissəsinin, D-230 blokunun və Xəzərin Azərbaycan sektorundakı Şəfəq-Asiman strukturunun kəşfiyyatı və işlənməsi üzrə layihələrin səhmdarıdır.**
N.Abbasova