Ülvi Mansurov “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin yeni icraçı direktoru təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Nazirlikdən vurğulanıb ki, Mansurov Britanıyanın Uorvik Universitetində təhsil alıb, “Warwick Business School” proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru vəzifələrində çalışıb.
Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
Hazırda AİŞ-nin sərmayələrinin 74,9%-i sənaye, 10,3%-i –ASK, 6,7%-i – sənaye məhəllələri, 5,1%-i – birgə fondlara, 3,1%-i – qida sənaye müəssisələrinin payına düşür. **
B.Rüstəmbəyov