Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar birgə genişmiqyaslı taktiki təlimlərin birinci mərhələsinin son epizodunu izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Avqustun 13-də Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonuna gəliblər”, - məlumatda deyilir.
Keçirilmiş birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıb, hər iki ölkənin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirib.
İyulun 29-dan Azərbaycan ərazisində birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. **
X.Nəsirzadə