“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) 2019-cu ilin yekunları üzrə 4 milyon 993,402 min manat məbləğində xalis mənfəət əldə edib ki, bu da 2018-ci ilin göstəricisindən 4,9 dəfə çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə İB-nin maliyyə hesabatında deyilir.
Hesabat dövründə zavod 1 milyon 248,35 min manat mənfəət vergisi ödəyib.
İstehsalat Birliyinin əsas əməliyyat gəliri 52 milyon 159,558 min manat (2019-cu ildə azalma 47,8%) təşkil edib. İstehsal edilən məhsulun maya dəyəri 53,2% - 42 milyon 438,708 min manatadək azalıb.
Nəticədə ötən il ümumi əməliyyat mənfəəti 6 milyon 241,752 min manat (artım 4,9 dəfə) təşkil edib.
2019-cu ilin sonuna şirkətin aktivləri 79 milyon 305,003 min manat (artım 35,7%), öhdəlikləri 56 milyon 613,378 min manat (artım 5,7%) məbləğində qiymətləndirilir.
Ötən ilin sonuna şirkətin məcmu kapitalı 22 milyon 691,625 min manat (artım 4,7 dəfə), nizamnamə kapitalı 3 milyon 572,592 min manat (dəyişməyib) təşkil edib.
Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir.*
A.Əhmədova