İqtisadiyyat Nazirliyi Azərbaycan İnvestisiya Holdinqinin (AİH-in) idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərarda deyilir.
İqtisadiyyat Nazirliyinə AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq tapşırılıb.
İqtisadiyyat Nazirliyi, həmçinin dövlət qeydiyyatına alındığı gündən AİH-in inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Prezident İlham Əliyev avqustun 7-də “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Holdinqin nizamnamə kapitalı 10 milyon manat ($5,88 milyon) təşkil edəcək.
Holdinqin yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.
Fərmana əsasən, Nazirlər Kabinetinə AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini, eləcə də AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq tapşırılıb.
Azərbaycan İnvestisiya Holdinqinin təsdiqlənmiş Nizamnaməsinə əsasən, AİH onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
AİH-in idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir. İdarə Heyəti 5 üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin digər üzvlərini, o cümlədən baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Şura vəzifəyə təyin və vəzifədən azad edir.*
B.Rüstəmbəyov