2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan 148 min 874,47 ton polimer məhsullar ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2020-ci ilin yanvar-iyul aylarında $108 milyon 139,3 min dəyərində (azalma 9,4%) 148 min 874,47 ton (azalma 2,”%) plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1,18%, qeyri-neft ixracının strukturunda 10,45% təşkil edib”, - Komitədən qeyd ediblər.
2020-ci ilin yanvar-iyul aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 84 min 551,33 ton ($54 milyon 460,58 min) ilkin formada polietilenin, 58 min 829.,92 ton ($46 milyon 718,97 min) isə ilkin formada polipropilenin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. “SOCAR Polymer” şirkətinin bu zavodların fəaliyyətindən $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.**
N.Abbasova