Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərmana əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılır.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə keçir.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.
Kənd Təsərrüfatı Nazirliyinə ASC-nin yeni nizamnaməsini üç ay müddətində təsdiq etmək, Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılır. **
Ə.Məmmədov