2020-ci ilin yanvar-iyul aylarında Azərbacanda yanacaq istehlakçıları 1 milyard 151,9 milyon manat (cari məzənnə üzrə $677,5 milyon - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 5,4% və ya 1 milyard 151,9 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 0,3% azalıb.
2019-cu ildə pərakəndə ticarət dövriyyəsinin strukturunda avtomobil yanacağı satışından gəlirlər 5,9% və ya 2 milyard 310,5 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 2,7% çoxdur.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litrinin pərakəndə qiyməti 1,2 manat, “Super Euro-98” markalı benzinin - 1,4 manat, Aİ 92 markalı benzinin - 0,9 manat, dizel yanacağının - 0,6 manat təşkil edir.*
N.Abbasova