Özbəkistan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinə ümid edir. Bunu Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov deyib.
“Özbəkistan Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafına böyük önəm verir və Azərbaycan bu sahədə MDB məkanında Özbəkistan üçün strateji tərəfdaşdır. Eyni zamanda, kənd təsərrüfatı, xüsusilə də fındıqçılıq və narçılıq sahələrində Azərbaycanın təcrübəsi Özbəkistan üçün maraqlıdır”, - deyə səfir bu gün etimadnaməsini prezident İlham Əliyevə təqdim edərkən bildirib.
O, koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan prezidentinin Özbəkistana səfər edəcəyinə ümidvar olduğunu ifadə edib.
“Bu səfər əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkan verəcək. Özbəkistan Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığa, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük əhəmiyyət verir”, - deyə Aşrafxanov diqqətə çatdırıb.
Diplomat Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğulayıb.
Koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını qeyd edən prezident İ.Əliyev epidemioloji vəziyyət imkan verən kimi Özbəkistana səfər edəcəyini bildirib.
İ.Əliyev bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Dövlət başçısı digər sahələrlə bərabər, nəqliyyat-logistika sahəsində ölkələrimiz arasında əməkdaşlıqda yaxşı nəticələrin əldə olunduğunu qeyd edib. O, Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.*
B.Rüstəmbəyov