Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərova qarşı rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.
“C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir”, - deyə “Elektron məhkəmə” informasiya sisteminin məlumatında bildirilir.
Bu gün Binəqədi Rayon Məhkəməsi qarşısına çıxacaq C.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilməsinə dair istintaq orqanının təqdimatına baxılacaq.
Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Əməliyyat zamanı icra başçısı, onun birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıb.*
X.Nəsirzadə