Azərbaycan prezidenti İlham Əliyev cümə günü 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Həmçinin, prezident 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.
“Qobu” Elektrik Stansiyası Abşeron yarımadasının Qobu qəsəbəsində inşa olunacaq.
Energetika naziri Pərviz Şahbazov öncə məlumat verib ki, Abşeron yarımadasındakı “Qobu” modul elektrik stansiyası 2020-2021-ci illərdə istismara veriləcək. Bu modul elektrik stansiyasının hesabına elektrik enerjisinə artan tələbatı qarşılamaq mümkün olaca.
“Azərenerji” ASC hələ 2017-ci ilin yayında 385 MVt gücündə “Qobu” elektrik stansiyasının tikintisi planları barədə elan etmişdi. Əvvəllər stansiyanın Qaradağ rayonunun Səngəçal qəsəbəsində tikintisi nəzərdə tutulurdu. Şirkət tikinti işlərinin gedişində ən müasir texnoloji avadanlıqlardan – Finlandiyanın «Wartsila» şirkətinin istehsalı olan 21 ədəd W20V50SG tipli mühərrikdən istifadə etməyi planlaşdırır.**
N.Abbasova