Azərbaycan prezidenti İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, sistem kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN müraciət” informasiya sisteminin operatoru olacaq.
Bundan başqa, sərəncam çərçivəsində “ASAN müraciət” informasiya sistemini və onun mobil tətbiqini formalaşdırılacaq.
Sərəncama əsasən, Nazirlər Kabineti “ASAN müraciət” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən, “ASAN müraciət” informasiya sisteminin formalaşdırılması, aparılması və saxlanması xərclərinin maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.
Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə