Azərbaycan Prezidenti Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev karantin rejiminin pozulmasına görə 15 sutkalıq həbs olunub. Bu barədə yerli mətbuat məlumat verir.
“Abşeron Rayon Məhkəməsinin qərarına əsasən, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinərək 15 sutkalıq inzibati həbs olunub”, - nəşrlər məlumat verir.
KİV-in məlumatına görə, İ.Əliyev qızına toy mərasimi keçirdiyinə görə məsuliyyətə cəlb olunub. İ.Əliyevin qudası Rövşən Mustafayev barəsində də məhkəmə analoji qərar qəbul edib.
Cümə günü, avqustun 21-də sosial şəbəkələrdə İ.Əliyevin qızının toy mərasimindən videolar yayılıb və ciddi əks-sədaya səbəb olub. Toy mərasimi avqustun 18-də İ.Əliyevin Bakının Novxanı qəsəbəsindəki evində baş tutub. **