Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
"Ermənistan müdafiə nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur. Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan müdafiə nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb" deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı, sözsüz ki, Ermənistan müdafiə nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi”, - deyə nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Məlumatda qeyd olunur ki, əgər bir zabit “itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq, bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə, bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir.
“Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni ssenariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir”, - deyə məlumatda vurğulanır.
Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.
Müdafiə Nazirliyindən bildiriblər ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.*
B.Rüstəmbəyov