Prezident İlham Əliyev Gürcüstanın Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar bu ölkənin prezidenti Salome Zurabişviliyə başsağlığı verib.
“Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Avqustun 23-də turistləri daşıyan mikroavtobus Gürcüstanın Mtsxeta-Mtianeti regionunda Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 64 km-də 80 metr yüksəklikdən dərəyə yuvarlanıb. Gürcüstan DİN-in məlumatına görə, 17 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb.*
B.Rüstəmbəyov