Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər. Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat verib.
“Avqustun 26-da Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Moskvaya rəsmi səfər edəcək. Bayramov rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri, regional və beynəlxalq gündəliyin əsas aspektləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək”, - nazirliyin məlumatında qeyd olunur.
XİN bildirir ki, Rusiya 20 ildən artıq müddətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas vasitəçisi, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri qismində çıxış edir. “Coğrafi cəhətdən yaxınlıq və xalqlarımızın ümumi tarixini nəzərə alaraq, bu münaqişənin həlli bizim üçün başlıca önəm kəsb edir. Münaqişənin həlində tərəflərə kömək etmək Rusiyanın xarici siyasi prioritetləri sırasındadır”, -məlumatda vuröulanır.
Həmçinin Moskvaya səfər zamanı Bayramovun RF hökumətinin sədr müavini Aleksey Overçuk və Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşləri planlaşdırılır.
Rusiya XİN-in məlumatına görə, regionlarası əməkdaşlıq iki ölkə arasında qarşılıqlı münasibətlərin mühüm tərkib hissəsidir.
“Hazırda Rusiyanın əksər subyektlərində fəaliyyət göstərən 600-ə yaxın müəssisə və təşkilat Azərbaycanla xarici ticarət fəaliyyətinə cəlb olunub. Həmin subyektlərin 18-i Azərbaycanla əməkdaşlıq haqqında sazişə malikdir. Biz özünü müsbət tərəfdən təsdiq edən Rusiya-Azərbaycan regionlararası forumlarının keçirilməsi təcrübəsini bundan sonra da davam etdirmək niyyətindədik”, - Rusiya XİN qeyd edir. **
B.Rüstəmbəyov