Azərbaycan Mərkəzi Bankı (AMB) bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta şirkətinin seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, tenderdə bu sığorta növləri üzrə xidmət göstərmək üçün lisenziyası olan sığorta şirkətləri iştirak edə bilərlər.
Tender iştirakçıları son il ərzində maliyyə vəziyyətinə dair bank arayışı, 2019-cu il üçün maliyyə hesabatını təqdim etməlidirlər. Bununla yanaşı, tenderdə iştirak edən sığorta şirkətləri ən azı 5 milyon manat məbləğində kapitala malik olmalıdırlar.
Tender təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək: qiymət, təklif edilmiş paket üzrə sığorta şərtləri, franşizanın həcmi, təkrarsığorta şirkətlərinin reytinqi.
Tender üzrə təkliflər 24 sentyabr saat 11:00-dək qəbul ediləcək, 24 sentyabr saat 12:00-da isə qiymətləndiriləcək. Tenderdə iştirak haqqı 200 manat təşkil edir.
Tender şərtlərinə əsasən, AMB-yə əmlak və nağd pulların sığortalanması üzrə xidmətlər 2020-ci il noyabrın 1-dən etibarən təqdim edilməli və 12 ay üçün nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər 2021-ci il yanvarın 25-dən etibarən 12 ay ərzində göstərilməlidir.
Hazırda AMB-yə əsas vəsaitlərin sığortalanması üzrə “Ata Sığorta”, nağd pulların sığortalanması üzrə “PAŞA Sığorta”, avtomobillərin sığortalanması üzrə “AXA Mbask” şirkətləri xidmət göstərir.*
Ə.Məmmədov