“Azərsu” ASC 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə 24 ədəd subartezian quyusunun qazılması üçün podratçı seçimi üzrə tender elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender təklifləri 23 sentyabr saat 16:00-dək qəbul olunur. Tender proseduru 24 sentyabr saat 14:00-da baş tutacaq.
Xatırladaq ki, prezident İlham Əliyev avqustun 12-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” ASC-yə 756 min manat ayrılacaq.
“Azərsu” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti subartezian quyularının qazılmasını təmin etməlidir.*
N.Abbasova