Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın vaxtlarda Türkiyədən Azərbaycana 115 ədəd yeni avtobusun gətirilməsinə başlayacaq. Bu barədə BNA-nın məlumatında deyilir.
“Avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar sıxılmış təbii qaz müəhərriklidir (CNG).
Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır.
Agentliyin məlumatına görə, son 5 ildə 603 ədəd orta və iri tutumlu müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.
“Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır”, - deyə məlumatda qeyd olunur.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
B.Rüstəmbəyov