Fiziki şəxslərin poçt göndərişləri vasitəsilə aldığı malın dəyərinin $300-dək azaldılması nəticəsində dövlət büdcəsinə ildə 70-100 milyon manat məbləğində vəsait daxil olacaq. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
"Nazirlər Kabinetinin beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə 30 gün ərzində gətirilən malların ümumi dəyərinə qoyulan limitin azaldılması ilə bağlı qərarının bəndlərinin izahında səhv baş verib. "Bir dəfə" ifadəsi malların bir dəfə bəyan edilməsini nəzərdə tutur ki, fiziki şəxslər öz mallarını ayda bir neçə dəfə bəyan etməyə ehtiyac duymasınlar", - deyə Mehdiyev Real TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, vətəndaş $300 məbləğində poçt göndərişləri vasitəsilə elektron ticarət hüququ əldə edir, $300-dan artıq məbləğ üçün isə gömrük rüsumu ödəyir.
"Təqvim ayı ərzində “bir dəfə” ifadəsi anlaşılmazlıqlara gətirib çıxarır. Alıcı bu qərarın qüvvəyə mindiyi tarixdən etibarən ayda bir və ya beş dəfə $300-ı bəyan edə bilər. Partiya gömrük anbarında saxlanıla və bir dəfə bəyan edilə bilər. Əgər mallar üç mərhələdə gəlirsə və hər bir mərhələnin dəyəri $100 təşkil edirsə, hər üç bağlama sadələşdirilmiş bəyanetmə şəraitində gömrük rüsumlarından azad edilir", - deyə Mehdiyev əlavə edib.
DGK sədri deyib ki, bu cür qərarın qəbul edilməsi, ilk növbədə, ölkəyə saxta məhsulların daxil olmasının azaldılmasına və dövlət büdcəsinə daxilolmaların artırılmasına yönəlib.
"Bu qərar dövlət büdcəsinə 70-100 milyon manat məbləğində əlavə vəsaitin daxil olmasını təmin edəcək. Digər tərəfdən, bu qərar malların ölkəyə qanunsuz daxil olmasını azaldır", - deyə o qeyd edib.
Xatırladaq ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən malların ümumi gömrük dəyəri $1500-dan $800-a qədər azaldılıb.
Bundan başqa, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən malların ümumi gömrük dəyəri $1000-dan $300-a qədər azaldılıb.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar yazılı formada bəyan edilməlidir.
Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları da yazılı formada bəyan edilməlidir.
Dəyişikliklər 19 sentyabr 2020-ci il tarixində qüvvəyə minir.*
Ə.Məmmədov