2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 4,7% - 14 milyard 585,3 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 62,4 milyon manat (ilin əvvəlindən azalma 16,6% - İF) və ya bütün kreditlərin 7,3%-ni təşkil edir.
Avqustun 1-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 2 milyard 604,1 milyon manat (artım 1,7%) və ya bütün kreditlərin 17,9%-i, özəl banklar tərəfindən 11 milyard 600,4 milyon manat (azalma 6%) və ya bütün kreditlərin 79,5%-i həcmində kredit verilib. Qalan 380,9 milyon manat (azalma 4,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2020-ci il avqustun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 9 milyard 913,9 milyon manat (azalma 0,9%) milli valyuta, 4 milyard 671,4 milyon manat (azalma 11,8%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 32% (2019-cu ilin sonuna 34,6%) təşkil edir.
2020-ci il avqustun 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 379,1 milyon manat (bütün kreditlərin 16,3%-i) ticarət və xidmət sahələrinin, 563,8 milyon manat (3,9%) energetika, kimya və təbii sərvətlər sektorunun, 553,3 milyon manat (3,8%) kənd təsərrüfatı və emal sahələrinin, 428,8 milyon manat (2,9%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 191,1 milyon manat (8,2%) sənaye və istehsal sektorunun, 917,7 milyon manat (6,3%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 560,5 milyon manat (45%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 6% azalıb.*
Ə.Məmmədov