Moskva Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) yanında müşahidəçi statusu almasını dəstəkləyəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Bu gün biz, həmçinin beynəlxalq və regional gündəliyə daxil olan məsələləri müzakirə etdik. Beynəlxalq əməkdaşlıq və beynəlxalq fəaliyyətlə bağlı əsas məsələlərin bir çoxu üzrə mövqelərimiz üst-üstə düşür, yaxud da yaxındır. Biz BMT, MDB, ATƏT, Avropa Şurası, QDİƏT və Azərbaycanın dialoq üzrə tərəfdaş olduğu və müşahidəçi statusuna qədər yüksəlmək istədiyi ŞƏT də daxil olmaqla, çoxtərəfli meydançalarda koordinasiyamızın və qarşılıqlı fəaliyyətimizin daha da möhkəmləndirilməsinin konkret yollarını müzakirə etdik. Biz bu müraciəti dəstəkləyəcəyik", - deyə Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunları üzrə bildirib.
Onun sözlərinə görə, nazirlər Xəzər trekində əməkdaşlığın dinamik inkişafını məmnunluqla qeyd ediblər. "V Xəzər sammitinin qərarlarının icrası məqsədilə hazırda həyata keçirilən bütün tədbirlərdə azərbaycanlı tərəfdaşlarımızın konstruktiv iştirakını qiymətləndiririk. Gələn il Rusiya Federasiyasında keçirilməli olan Xəzər dövlətlərinin II İqtisadi Forumuna hazırlıq məsələsini müzakirə etdik", - deyə o əlavə edib.
Lavrov Bayramovla ilk danışıqlardan çox məmnun olduğunu bildirib. "Ümid edirəm ki, biz bu ünsiyyəti davam etdirəcəyik və o, müntəzəm olacaq", - deyə Rusiya XİN başçısı əlavə edib.
Azərbaycan 2018-ci ildə ŞƏT-də müşahidəçi statusu almaq üçün müraciət edib.*