XI Rusiya-Azərbaycan regionlararası forumu 2020-ci ilin sonuna qədər Azərbaycanda keçiriləcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Regionlararası və sərhədyanı mübadilələr ikitərəfli münasibətlərin dərinləşməsinə sanballı töhfə verir. Rusiyanın onlarla regionu Azərbaycan Respublikası ilə əməkdaşlıq edir, tərəfdaşları, davamlı əlaqələri var. Regionlararası forumların keçirilməsi yaxşı ənənəyə çevrilib, belə forumlardan biri bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək", - deyə Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunları üzrə bildirib.
Onun sözlərinə görə, Azərbaycan XİN başçısı ilə görüşdə Həştərxan vilayəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub. "Biz Həştərxan vilayəti ilə onun Azərbaycan Respublikasındakı tərəfdaşları arasında əlaqələrin dərinləşdirilməsinə dair konkret təkliflər verəcəyik", - deyə RF XİN başçısı əlavə edib.
X Rusiya-Azərbaycan regionlararası forumu 22-23 noyabr 2019-cu il tarixlərində Moskvada keçirilib.*
A.Əhmədova