2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $3,2 milyard məbləğində əməliyyat aparılıb ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 16,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Birinci yarımillikdə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $3,2 milyard təşkil edib. Bunun $2,9 milyardını və ya 92,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi $12,7 milyard (2019-cu ilin birinci yarısı ilə müqayisədə artım 4,7% - İF) təşkil edib. “Valyuta bazarında əməliyyatların 86,5%-i ABŞ dollarında, 13,5%-i digər valyutalarda aparılıb”, - deyə məlumatda qeyd olunur.
Yanvar-iyun aylarında nağdsız valyuta əməliyyatlarının 38,3%-i banklararası valyuta bazarında, 61,7%-i isə bankdaxili valyuta bazarında aparılıb.*
Ə.Məmmədov