"Belneftexim" konserni Azərbaycandan növbəti neft partiyasının alınmasını təsdiqləyib.
"Sentyabrın 2-4-də tanker Cənub limanına gəlməlidir, neft Mozır Neft Emalı Zavoduna daxil olacaq", - deyə konsernin mətbuat xidmətindən bu gün bildirilib.
Beləliklə, konserndə SOCAR-ın avqustun 26-27-də Belarusa yeni neft partiyası göndərmək planları barədə məlumatı şərh ediblər.
"Bir neçə həftə əvvəl “Belneftexim” ilə növbəti neft partiyasının tədarükü ilə bağlı razılıq əldə edilib və 93-94 min ton həcmində “Azeri Light” markalı neft tankerinin satışı avqustun 26-27-nə planlaşdırılıb", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov ötən gün "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O, tankerin Belarusa Türkiyənin Ceyhan limanından göndəriləcəyini qeyd edib.
Xəbər verildiyi kimi, “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusun “Belneftexim” konserni üçün Mozır neft emalı zavoduna ümumi həcmi 335 min tona yaxın 4 partiya neft (mart ayında təxminən 250 min ton həcmində 3 partiya, aprel ayında 85 min ton həcmində 1 partiya) göndərilib.
İyunda SOCAR Supsa limanından Mozır neft emalı zavoduna 85 min ton, iyulda təxminən 650 min barel neft partiyası yola salıb.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.*