Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiya qoyuluşları $6 milyard həcmində qiymətləndirilir. RF hökumətinin saytında verilən məlumata görə, bunu baş nazirin müavini Aleksey Overçuk deyib.
Overçuk bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı vurğulayıb ki, strateji tərəfdaş olan Rusiya ilə Azərbaycanın münasibətləri etimad və qarşılıqlı fayda üzərində qurulub.
"Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir. 2020-ci ilin yanvar-iyun ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi $1,368 milyarda çatıb. Azərbaycanda 900-dən çox birgə şirkət, o cümlədən 100% Rusiya kapitalına malik 200-ə yaxın şirkət fəaliyyət göstərir. Qarşılıqlı investisiyalar $6 milyarda çatıb. 2024-cü ilə qədər olan dövr üçün nəzərdə tutulan Fəaliyyət Planı uğurla həyata keçirilir - bu, ticarət, nəqliyyat infrastrukturu, elmtutumlu istehsal, iqtisadiyyat və turizmin səmərəliliyinin artırılması sahələrini əhatə edən 5 "yol xəritəsi"dir. İnnovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair 6-cı "yol xəritəsi"nin layihəsi razılaşdırılıb və imzalanmağa yüksək hazırlıq səviyyəsindədir”, – deyə baş nazirin müavini qeyd edib.
Overçuk Rusiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində normativ hüquqi bazanın inkişafı üzrə birgə işi qeyd edib və 2018-ci ildə imzalanmış "Rəqəmsal nəqliyyat sistemlərinin yaradılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında" Memorandumun həyata keçirilməsi üzrə fəaliyyətin aktivləşdirilməsini təklif edib.
O, həmçinin “Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının müvəqqəti əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında” və “Readmissiya haqqında” sazişlərin layihələri üzərində işin fəallaşdırılmasının zəruriliyini diqqətə çatdırıb.
"Bu sənədlərin imzalanması, ilk növbədə, ölkələrimizin ərazisində vətəndaşların əmək fəaliyyətinin həyata keçirilməsi üçün şəraitin yaxşılaşdırılmasına xidmət edir", – deyə Overçuk qeyd edib.
Görüş iştirakçıları Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası, Rusiya-Azərbaycan Gənclər Forumu, Rusiya-Azərbaycan Regionlararası Forumu, Bakıda "Valday" Beynəlxalq Diskussiya Klubunun səyyar iclası və Bakı Beynəlxalq Humanitar Forumu da daxil olmaqla, daha əvvəl planlaşdırılmış bütün tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.
Öz növbəsində, Azərbaycan XİN vurğulayır ki, görüşdə Rusiya şirkətlərinin Azərbaycanda maşınqayırma, əczaçılıq, dəmir yolları və digər sahələrə investisiya qoyuluşları ilə bağlı məsələ müzakirə olunub.*