Təhsil Nazirliyi Azərbaycanın məktəblərində tədris ilinin başlanması qrafikini hazırlayıb. Bunu təhsil naziri Emin Əmrullayev deyib.
“Planlarımıza əsasən, sentyabrın 15-dən 1-4 sinif şagirdləri, oktyabrın 1-dən – 5-9-cu sinif şagirdləri, oktyabrın 15-dən – 10-11-ci sinif şagirdləri bilavasitə məktəblərdə tədrisə başlayacaqlar. O cümlədən, sentyabrın 15-dən 5-11ci siniflərdə tədris onlayn rejimdə keçiriləcək”, - Əmrullayev bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sentyabrın 15-dən bilavasitə məktəblərdə tədris həftədə 2-3 dəfə, qalan vaxtı isə distant şəkildə keçiriləcək.
“Bu il ibtidai siniflərdə 650 min uşaq təhsil alacaq, o cümlədən, hazırda koronavirus səbəbindən vəziyyətin daha ağır olduğu Bakı, Sumqayıt və Abşeronda 257 min uşaq təhsil alacaq. Oktyabrın 1-dən 5-9-cu siniflərdə 737 min şagird, həmçinin Bakıda – 286 min şagird məktəbə gedəcək. Oktyabrın 15-dən 10-11-ci siniflərdə 182 min şagird məktəbə gedəcək”, - nazir əlavə edib.
O vurğulayıb ki, Azərbaycanda martın 3-dən koronavirus səbəbindən məktəblər bağlanıb. **
A.Əzizov