“Azsığorta” şirkəti xərclərini optimallaşdırmaq məqsədilə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı müvəqqəti dayandırıb. Bu barədə şirkətin məlumatında deyilir.
“COVİD-19 pandemiyası sığorta sektoruna da təsir göstərməkdədir. Qlobal pandemiya nəticəsində maliyyə bazarlarında baş verən çalxalanmalar və iqtisadi böhranın labüdlüyü şirkətin reytinq yenilənməsinin əhəmiyyətini azaldır. Bu kimi amillərlə yanaşı, xərclərin optimallaşdırılması, ölkədən xaricə valyuta ödənişlərinin azaldılması məqsədilə “Azsığorta” ASC-nin “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Bu ilin may ayında “Fitch Ratings” şirkətin maliyyə gücünü “B” səviyyəsində, proqnozunu isə Stabil olaraq təsdiq etmişdi.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət göstərmək üçün lisenziya alıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 milyon manata bərabərdir.*
Ə.Məmmədov