Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək. 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək; 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək; 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək; 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.
Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.*
B.Rüstəmbəyov