«Novus Plastica» MMC Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti statusunu əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parkın operatoru olan “SKSP” MMC-dən məlumat verilib.
«Novus Plastica» MMC parkın ərazisində “Polimer materialların emalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində yaradılacaq müəssisədə Yaponiya və Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə - polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər və polimer kompozisiya materialları istehsal ediləcək. İnvestisiya dəyəri 11 milyon manat (təxminən $6,5 milyon) olan müəssisədə 100-dən çox insan daimi işlə təmin ediləcək”, - deyə məlumatda bildirilir.
İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac olunacaq.
«Novus Plastica» MMC SKSP-nin 24-cü rezidentidir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Bütövlükdə, parkın rezidentləri layihələrə $3,1 milyard sərmayə qoymalıdırlar. Hazırda faktiki olaraq $2,9 milyard sərmayə yatırılıb, növbəti mərhələdə daha $245 milyon vəsait qoyulacaq.
Bu günədək parkın rezidentləri tərəfindən 1,9 milyard manat dəyərində məhsul istehsal edilib, bunun 32%-ə qədəri ixraca yönəldilib.*
B.Rüstəmbəyov