Asiya İnkişaf Bankı (AİB) iqtisadi islahatlara dəstək məqsədilə Azərbaycana $500 milyon məbləğində kredit verməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
"AİB Azərbaycanda iqtisadi islahatları dəstəkləməyi davam etdirməyi planlaşdırır. Bu məqsədlə bank iki tranşla $500 milyon məbləğində kredit ayırmağı planlaşdırır: 2022-ci ildə $250 milyon, 2023-cü ildə $250 milyon. Bundan başqa, bank yüksək texnologiyalar və innovasiyalar sahəsində layihələrin hazırlanması üçün daha $15 milyon ayıracaq", - deyə bankın nümayəndəsi bildirib.
Kredit vəsaitlərinin dövlət xərclərinin və fiskal idarəetmənin səmərəliliyinin artırılmasına; dövlət müəssisələrində islahatların aparılmasına; dövlət sektorunun inkişafına; biznes mühitinin yaxşılaşdırılmasına və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına yönəldilməsi planlaşdırılır.
Xəbər verildiyi kimi, Azərbaycan “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı II” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2) layihəsinin həyata keçirilməsi üçün 2018-2019-cu illərdə AİB-dən $500 milyon məbləğində kredit cəlb edib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə AİB respublikaya $5 milyarddan çox kredit ayırıb.*
A.Əzizov