İyulda Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlikdən sonra dünya şəhərlərində ermənilərlə azərbaycanlılar arasında baş verən etnik toqquşmaların qarşısını münaqişənin həlli üçün siyasi iradənin olduğu halda almaq mümkündür. Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.
"Nifrət atmosferinin təkcə bizim regionda alovlandırılmasını deyil, onun həm də region hüdudlarından kənara çıxarılması cəhdini müşahidə etmək təəssüf doğurur. Sülh yolu ilə nizamlanma prosesində sülhə kömək edən atmosferin yaradılması üçün maksimum səylərin göstərilməsi Ermənistan üçün vacib prinsipdir", - deyə o, "İnterfaks" agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, gələcəkdə belə etnik toqquşmalara yol verilməməsi üçün "sülh prosesinin zəruriliyini dərk etmək lazımdır".
"Siyasi iradə olmalı və konkret tədbirlər görülməlidir. Biz danışıqlar aparırıq, bu danışıqlar həm də bu ritorikanın və nifrətin azalmasına kömək edən müxtəlif konkret addımlarla bağlıdır. Bizim tərəfimizdən, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən çoxlu təkliflər var. Bütün bu ideyaları həyata keçirmək lazımdır", - deyə Mnatsakanyan qeyd edib.*