Ermənistan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib və heç nə ilə məhdudlaşdırıla bilməz. Bunu Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan deyib.
"Ermənistan regional təhlükəsizliyin məsuliyyətli iştirakçısıdır. Bizim hərbi-texniki əməkdaşlığımız heç bir şəkildə üçüncü ölkələrə qarşı yönəlməyib", - deyə Mnatsakanyan "İnterfaks" agentliyinə müsahibəsində bildirib.
"Hərbi-texniki sahədə qarşılıqlı fəaliyyətimiz təhlükəsizlik maraqlarına əsaslanır və Rusiya ilə Ermənistan arasında mövcud sazişlər, razılaşmalar və iş planları əsasında həyata keçirilir", - deyə Mnatsakanyan qeyd edib. O vurğulayıb ki, "Rusiya regionda balansı pozmur".
Rusiyanın Azərbaycanla hərbi-texniki əməkdaşlığının Ermənistanı narahat edib-etməməsi barədə sualı cavablandıran nazir bildirib: "Ermənistanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq qarşılıqlı fəaliyyət məntiqinə malikdir və möhkəm müttəfiqlik əsasları üzərində qurulub. Azərbaycana və bu sahədə əməkdaşlığa gəldikdə isə, qeyd edim ki, Azərbaycan öz əhalisini və dünya birliyini Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək üçün potensiala malik olduğuna inandırmağa çalışaraq hər vasitə ilə hərbi potensialını artırır”.*