Rəsmi İrəvanın hərəkətləri regionda gərginliyin artmasına yönəlib, bu hərəkətlər Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın bölgədə sülh üçün şəraitin yaradılmasının zəruriliyinə dair bəyanatları ilə uyğunlaşmır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Azərbaycanın beynəlxalq tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistan bölgədə sülh şəraitinin yaradılmasından bəhs edir. Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin hərəkətləri bölgədə sülhə əngəldir”, - Abdullayevanın Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın “İnterfaks” agentliyinə müsahibəsini şərhində deyilir.
Onun sözlərinə görə, son bir ay ərzində Ermənistanın əməlləri təhrikçi və təxribatçı mahiyyətini aşkar şəkildə ortaya qoyur.
“Xüsusilə, 12-16 iyul tarixlərində Ermənistan Azərbaycanla sərhəddə mövqelərimizə hücum edərək təxribat həyata keçirib. Bundan başqa, Ermənistan hökuməti Livandan olan etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan etdi. Bu, Ermənistanın hökumətinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında möhkəmlənmə niyyətindən xəbər verir”, - Abdullayeva qeyd edib.
Bundan əlavə, avqustun 23-də iki ölkənin sərhədində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat cəhdinin qarşısı alındı. Avqustun 29-da Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Xankəndi şəhərinə səfər edib.
“Bütün bu sadalananlardan sonra cənab Mnatsakanyan hansı sülhdən, bölgədə gərginliyin azaldılması üçün hansı təkliflərdən və təşəbbüslərdən danışır? Bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması və bu torpaqlardan didərgin salınmış əhalinin hüquqlarının bərpa olunması zəruridir. Ermənistan, nəhayət siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə konkret addımlar atmalıdır”, - Abdullayeva əlavə edib. **
A.Əzizov