Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Alibaba Group” şirkəti əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlib.
Videobağlantı formatında görüşün yekunlarına dair müvafiq razılıq əldə olunub. Bu barədə nazirlikdən məlumat verilir.
“Görüş zamanı Azərbaycanda logistika və müvafiq anbar infrastrukturunun yaradılması, data mərkəzi və “bulud” infrastrukturu, elektron ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, eləcə də əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlinib”, - məlumatda vurğulanır.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Alibaba” şirkəti ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə “Hökumət buludu” (G-cloud) Konsepsiyası qəbul olunub. **
X.Nəsirzadə