Azərbaycan gömrükçüləri sentyabrın 1-də 305 kq-dan artıq heroinin Qazaxıstana aparılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə yük avtomobili ilə İrandan Qazaxıstana külli miqdarda narkotik vasitənin aparılması barədə məlumat daxil olub.
“Sentyabrın 1-də “Astara” gömrük postunda “Traktor” markalı yük avtomobili saxlanılıb. Yükə baxış zamanı 12 ədəd kənd təsərrüfatı texnikasının içərisində 305,289 kq heroin aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb”, - deyə məlumatda bildirilir.
Yoxlama zamanı müəyyən edilib ki, yük Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Qazaxıstana aparılmalı idi.*
Ə.Məmmədov