Müdafiə Nazirliyi Azərbaycan ərazisində xarici dövlətlərin hərbi bazasının olmadığını bildirir və bu mövzuda olan bütün söhbətləri böhtan hesab edir.
"Biz guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik. Məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir. Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır. Müdafiə Nazirliyi rəsmi surətdə bildirir ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur. Məqalədə yazılanlar həqiqətə uyğun deyil", - deyə nazirlik Rusiyanın “Nezavisimaya qazeta” nəşrində dərc olunmuş məqaləyə münasibət bildirib.
Nazirlikdə hesab edirlər ki, bu sifarişli məqalənin arxasında regionda sabitliyi pozmağa çalışan Ermənistan rəhbərliyi durur.
“Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi Yerevan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”, - deyə məlumatda qeyd olunur.
Ermənistanda “Müdafiə haqqında” qanuna düzəlişlər qəbul edilib. Bu düzəlişlər Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırımağa imkan verir. “Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq”, - deyə məlumatda bildirilir.
"Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir. Bunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə