Azərbaycan əhalisi prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” adlı hesabatında deyilir.
Hesabat Azərbaycan prezidentinin ilin ikinci rübündəki fəaliyyətinə həsr edilib.
Mərkəzin keçirdiyi sorğuya əsasən, respondentlərin 90,8%-i Əliyevə tam etibar edir. Rəyi soruşulanların mütləq çoxluğu ölkə prezidentinin ordu quruculuğu (96%) və xarici siyasət (95%) istiqamətindəki fəaliyyətini müsbət qiymətləndirib.
Respondentlərin böyük əksəriyyəti (92,8%) dövlət başçısının ictimai qınağa səbəb olan hadisələrə reaksiyasından məmnundur.
Hesabata əsasən, əhali ölkə başçısı tərəfindən həyata keçirilən kadr islahatlarını da yüksək qiymətləndirir.
Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9%-i tərəfindən çox səmərəli, 32%-i tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. 6,5% respondent kadr islahatlarını səmərəli hesab etmir.
Korrupsiyaya qarşı mübarizə istiqamətində ölkə başçısının fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli, 27,2% respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə hələ müəyyən gözləntilərin qaldığı müşahidə olunur. Belə ki, rəyi soruşulanların 12,3%-i sözügedən istiqamətdə görülən işlərin çox da səmərəli olduğunu düşünmür. 4,4% respondent isə fikir bildirməkdə çətinlik çəkib.
“Respondentlərin mütləq çoxluğu prezidentə etimad göstərdiyini bildirib”, - deyə hesabatda qeyd olunur.*
Ə.Məmmədov