Azərbaycan hökuməti 2021-ci ildə dövlət büdcəsinin kəsirini 1 milyard 520,5 milyon manat və ya ÜDM-in 2% səviyyəsində proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat səviyyəsində proqnozlaşdırılır (2020-ci illə müqayisədə artım 0,8%).
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin bir barrelinin qiyməti $35 olmaqla hesablanıb (2020-ci il üçün neftin bir barrelinin qiyməti $35-dan hesablanıb).
Gəlirlərin strukturunda 57,3% və ya 13 milyard 950 milyon manat neft sektorundan daxilolmalar, 42,7% və ya 10 milyard 377 milyon manat – qeyri neft sektorundan daxilolmalar hesabına təmin etmək planlaşdırılır. 2020-ci illə müqayisədə qeyri neft sektorundan büdcəyə daxilolmaların artımı 2,4% təşkil edəcək.
2021-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 12 milyard 200 milyon manat həcmində (2020-ci ilin göstəricisinə uyğundur) və ya bütün büdcə gəlirlərinin 50,2% səviyyəsində nəzərdə tutulur.
2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 25 milyard 847,5 milyon manat səviyyəsində proqnozlaşdırılır (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 6%).
Xərclərin strukturunda 18 milyard 106,6 milyon manat və ya 70,1% cari xərclər, 5 milyard 389,1 milyon manat və ya 20,8% - əsaslı xərclər, 2 milyard 351,8 milyon manat və ya 9,1% - dövlət borcuna xidmət xərcləri təşkil edir.
Gələn il dövlət büdcəsinin bütün xərclərinin 42%-ni sosial məqsədlərə yönəltmək planlaşdırıır.
Bundan başqa, gələn il koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin maliyyələdirilməsinə dövlət büdcəsindən 600 milyon manat yönəltmək planlaşdırılır.
2020-ci ildə dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərclər üzrə - 27 milyard 492,2 milyon manat təşkil edir. 2020-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9% səviyyəsində proqnozlaşdırılır. **
Ə.Məmmədov