Erməni xalqı öz səriştəsiz rəhbərlərinin girovuna çevrilib, yığma qoşunun yaradılması ideyası öz mahiyyətinə görə absurddur. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov belə hesab edir.
"Bəs Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan və Azərbaycan xalqlarını sülhə hazırlamaq təşəbbüsü və çağırışı necə olsun? Baş nazir xalqları sülhə hazırlamağa, nazir müavini isə müharibəyə hazırlaşmağa çağırır", - deyə Ağacanov Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayanın yaşı 70-ə qədər olan Ermənistan vətəndaşlarının cəlb olunacağı yığma qoşunun yaradılması təklifini "İnterfaks-Azərbaycan" agentliyinə şərh edərkən bildirib.
O qeyd edib ki, Balayan yığma qoşunun yaradılması zəruriliyini regionda vəziyyətin dəyişməsi ilə əlaqələndirir.
“Regionda vəziyyət Ermənistan hökumətinin və şəxsən Paşinyanın günahı üzündən dəyişir. Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllini məqsədyönlü şəkildə ləngitməklə sələflərinin səhvlərini təkrarlayır, işğal olunmuş əraziləri mərhələ-mərhələ Azərbaycana qaytarmağa başlamır", - deyə Qarabağ Erməniləri Hərəkatının rəhbəri bildirib.
O vurğulayır ki, Ermənistan hakimiyyətinin planlarına əsasən, yığma qoşun sərhədlərin və ya düşmənlə təmas xəttinin təhlükəli hissələrinin müdafiəsinə, təxribat və ya kəşfiyyat dəstələri ilə mübarizəyə, xüsusi əhəmiyyətli obyektlərin müdafiəsinə cəlb oluna bilər. "Zəif hazırlıqlı, pensiya yaşına çatmamış və pensiya yaşlı mülki şəxslər sərhədləri və ya xüsusi əhəmiyyətli obyektləri necə müdafiə edə bilərlər? Bu, Ermənistan müdafiə nazirinin müavininin hərbi mütəxəssis kimi səriştəsiz olduğunu göstərir. Erməni xalqı öz səriştəsiz rəhbərlərinin girovuna çevrilib. Onlar əvvəlcə öz acgözlüyü, ambisiyaları ilə erməni xalqını sosial problemlərlə üz-üzə qoydular, indi isə sosial təminat vədləri ilə xalqı yığma qoşuna cəlb edirlər. Ermənistan hakimiyyəti yığma qoşun yaratmaq kimi axmaqlıq və cəfəng ideyanın əvəzinə, yaxşı olardı ki, öz diplomatlarına Bakı ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı predmetli danışıqlara başlamaq əmrini verərdi", - deyə Ağacanov əlavə edib.*
A. Əzizov