Aqrar Sığorta Fondu kurs və treninqlər üçün ekspertlərin hazırlanması və cəlb edilməsi, eləcə də materialların hazırlanması ilə bağlı keçirilmiş təkliflər sorğusunun qalibini müəyyən edib.
"Müvafiq sorğunun qalibi olmuş "Sankorp" şirkəti ilə avqustun 31-də 348,675 min manat məbləğində müqavilə imzalanıb", - deyə fondun məlumatında bildirilir.
Prezident İlham Əliyev 2019-cu ilin avqust ayında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş qanun aqrar sığorta sahəsində əsas anlayışları, dövlətin vəzifələrini, aqrar sığortanın predmetini, aqrar sığorta üzrə təminat verilən riskləri, aqrar sığortanın tənzimlənməsini və digər aspektləri nəzərdə tutur.
Prezident İ.Əliyev, həmçinin “Aqrar sığorta haqqında” qanunun tətbiqi və “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşıb. Bundan başqa, Nazirlər Kabinetinə 2020-ci və 2021-ci illərin dövlət büdcələrinin layihələrində fondun nizamnamə kapitalının artırılması məqsədilə müvafiq olaraq 5 milyon və 3 milyon manat vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb. Beləliklə, 2022-ci ilədək fondun nizamnamə kapitalı 9 milyon manatadək artacaq.*
Ə.Məmmədov