Müdafiə naziri Zakir Həsənov hesab edir ki, Ermənistan təxribatçı əməlləri ilə Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güdür. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribat regional təhlükəsizliyə təhdid yaradır. Rəsmi Yerevan Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güdür”, – deyə nazir Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
Z.Həsənov əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi uzun illərdir davam edir, bunun nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün düşüb.
“Ərazilərimizin 20 faizinin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə