Azərbaycan prezidenti İlham Əliyev şənbə günü “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilir.
O cümlədən, dövlət başçısı Seçini 60 illiyi münasibətilə təbrik edib. “Sizin rəhbərliyinizlə “Rosneft” Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib. “Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir. Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”, - Azərbaycan prezidentinin təbrik məktubunda deyilir. **
X.Nəsirzadə