“Qarabağ erməniləri” ictimai hərəkatının fəal üzvü Valeri Yeritsyan vurğulayır ki, Ermənistanda hakimiyyət nasist cinayətkarların qəhrəmanlaşdırılması üzrə məqsədyönlü siyasət yürüdür, baxmayaraq ki, bütün dünyada buna qarşı fəal mübarizə aparılır.
“Avqustun 30-da Rusiya Federasiyasının Rostov vilayətində “Sambek yüksəklikləri” Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub. Bununla əlaqədar nümayiş olunan reportajlarda əsasən azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyasının qəhrəmanlığı barədə söz açılıb”, - Yeritsyan “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O cümlədən, Yeritsyan Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərlə həmfikir olduğunu ifadə edib. Həmin müsahibədə Azərbaycan lideri bəyan edib ki, əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı.
O dövrdə cəbhə üçün yanacağın 80%-ni və sürtkü yağlarının 90%-ni Azərbaycan təchiz edirdi.
“Həmçinin, Azərbaycanda hərbi texnika istehsal edilirdi. Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90%-dən çoxu əslən Azərbaycandan idi. Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. Biz xatırlayırıq ki, 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Məhz 416-cı diviziya Berlinin götürülməsində fərqlənib, kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb.Onların xatirələri əbədi yaşayacaq!!!”, - Yeritsyan əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda Böyük Vətən müharibəsi qəhrəmanlarının yaddan çıxmaması və onların qəhrəman mübarizəsi barədə indiki nəslin məlumatlı olması üçün dövlət səviyyəsində bütün tədbirlərin həyata keçirildiyi halda qonşu Ermənistanda hakimiyyət əksinə olaraq Böyük Vətən müharibəsinin real qəhrəmanlarını unudaraq faşist cinayətkarların qəhrəmanlaşdırılması üzrə məqsədyönlü siyasət yürüdür. “Bu gün Ermənistanda ən yüksək səviyyədə nasist cinayətkarların təbliğatı və qəhrəmanlaşdırılması aparılır. İlk növbədə, Drastamat Kanayan (Dro) və Qaregin Njde kimi faşist tərəfdarlarının. Mən anlaya bilmirəm, Ermənistanın hazırki hakimiyyəti bu gün İrəvanda bu nasist cinayətkarların qəhrəmanlaşdırılması və onlara abidələrin ucaldılmasına necə haqq qazandırır?”, - Yeritsyan bildirib.
O, Ermənistan hakimiyyətinin bununla kifayətlənməməsini təəssüdedici fakt hesab edir. “Onlar (Ermənistan hakimiyyəti - İF) digər faşist cinayətkarların, terrorçuların və müxtəlif növ şübhəli adamların axtarışı və populyarlaşdırılmasını həyata keçirirlər, onların nümunəsində erməni uşaqları və gənclərində qəhrəman obrazı formalaşdırırlar”, - fəal əlavə edib. **
Xəbərlər xidməti