2020-ci ilin birinci yarısının yekunları üzrə "AXA Mbask” sığorta şirkətinin xalis zərəri 2 milyon 124,5 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin birinci ytarımilliyinin yekunları üzrə zərər 176 min 888,17 manat təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında şirkət zərəri 12 dəfə artırıb.
Şirkətin hesabatına görə, sığorta haqları bu dövrdə 5,3 min manat, ödənişləri – 414,5 min manat təşkil edib.
2020-ci ilin yanvar-iyun aylarında şirkət bölgələrdə 8 nümayəndəliyini bağlayıb, ştatı 13 nəfərədək azaldıb.
Bundan başqa, şirkət banklarda yerləşdirilən depozit həcmini sıfıra çatdırıb (2019-cu ilin sonuna – 9,31 milyon manat olub).
Xəbər veridiyi kimi, 2019-cu ilin aprel ayında Fransanın “AXA” sığorta qrupu Azərbaycandakı törəməsi "AXA Mbask” sığorta şirkətinin fəaliyyətinin dayandırıldığını elan edib. “"AXA Mbask" sığorta şirkətinin azərbaycanlı iş adamı Elxan Qəribliyə satılması ilə bağlı 2018-ci ildə imzalanmış saziş qüvvədən düşüb. "AXA Mbask" yeni sığorta müqavilələrinin bağlanılmasını dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərinin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə, mümkün olan müddətdə ölkədəki fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək”, - şirkətin məlumatında qeyd olunurdu.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb. Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Şirkətin yeganə səhmdarı İspaniyanın “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” şirkətidir. Nizamnamə kapitalı 23 mln. 933,828 min manata bərabərdir. **