Azərbaycan 2021-ci ilin yayında BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Dayanıqlı İnkişafa dair3-cü Könüllü Milli Hesabatını təqdim edəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İnkluziv və Dayanıqlı inkişaf, COVID-19 pandemiyası və postpandemiya dövrünün çağırışları, həmçinin DİM-lər üzrə həyata keçirilmiş tədbirlər, həmçinin əldə olunmuş nailiyyətlərə dair hazırlanacaq hesabat 2021-ci ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən təşkil ediləcək Yüksək Səviyyəli Siyasi Forumda təqdim olunacaq”, - məlumatda qeyd olunur.
Nazirlikdən bildirilir ki, həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan BMT-nin 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 balından 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb.
“Müqayisə üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur”, - nazirlikdən vurğulanır.
Azərbaycan ilk dəfə 2017-ci və 2019-cu ildə 2 Könüllü Milli Hesabat təqdim edib.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiq edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. **
X.Nəsirzadə