Azərbaycan Təhsil Nazirliyi Avropa İttifaqı və BMT ilə birlikdə peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün layihəyə start verir. Bu barədə BMT-nin İnkişaf Proqramının Bakıdakı ofisi məlumat verir.
“5,6 milyon avro dəyərində yeni layihə Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün dəstək verilməsi və bu təhsil pilləsinin nüfuzunun artırılmasına yönəlib”, - məlumatda qeyd olunur.
Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə – əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan öyrənmə üçün peşə təhsili müəssisələrini müasirləşdirməkdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.
Məlumata əsasən, layihə seçilmiş 7 peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastruktur, avadanlıqların müasirləşdirilməsi, habelə müxtəlif təlim və tədbirlərin dəstəklənməsi ilə Azərbaycanda peşə təhsili müəssisələrinin potensialının yüksəldilməsi məqsədinə xidmət edəcək. Peşə təhsil mərkəzlərində təhsil alan 5 mindən çox tələbə bu təşəbbüsdən faydalanacaq.
Həmçinin layihə karyera xidmətləri, rəqəmsallaşdırma vasitəsilə bacarıqların inkişafı, özəl sektorla əməkdaşlıq, həmçinin COVİD-19 pandemiyasının təsirlərini azaltmaq üçün müvafiq avadanlıq və vasitələrin satınalınması kimi müxtəlif sahələr üzrə işi əhatə edəcək.
“Avropa İttifaqı, çoxşaxəli, səmərəli və innovativ qeyri-neft sektoru ilə idarə olunan yeni iqtisadi modelə keçməsində davamlı olaraq Azərbaycanı dəstəkləyir. Bu məqsədə çatmaq üçün işini bilən və bacarıqlı insan kapitalı vacibdir”, - məlumatda Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskasın sözlərindən sitat gətirilir. **
X.Nəsirzadə